Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bəşəriyyət üçün həlledici il - 1941-dən əvvəlki dönəmə qayıdırıq? Xəbərlər

0

  • "Bu il Ukraynanın taleyində həlledici olacaq". Bu fikri Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps səsləndirib.
    Britaniya Müdafiə Nazirliyinin X (keçmiş Twitter) səhifəsində yayımlanan çıxışında nazir deyib: "2024-cü il dönüş nöqtəsi olmalıdır. Ukrayna üçün bu, ölkənin taleyinin həll olunacağı il olacaq. Dünya üçün bu, tarixdə demokratiya üçün ən böyük il olacaq, çünki dünya əhalisinin demək olar ki, yarısı seçkilərdə iştirak edəcək".
    Şapps vurğulayıb ki, London bu il də Kiyevi dəstəkləməkdən imtina etməyəcək, çünki Ukraynadakı münaqişə Böyük Britaniya üçün ekzistensial xarakter daşıyır. O, həmçinin bildirib ki, Birləşmiş Krallıq 2015-ci ildən bəri ümumilikdə 60 mindən çox ukraynalı hərbçi hazırlayıb. Eyni zamanda, nazir vurğulayıb ki, Böyük Britaniya müdafiə qabiliyyətini artırmaq üçün çalışır. Bununla bağlı o xatırladıb ki, ölkənin 2024-cü il üçün hərbi büdcəsi tarixdə ilk dəfə olaraq 50 milyard funt-sterlinqi (indiki məzənnə ilə 63 milyard dollar) keçəcək. 
    Bundan əlavə, nazir alyansın "Sabit Müdafiəçi" təlimlərində iştirak etmək üçün fevralda NATO-nun şərq cinahına 20 min britaniyalı hərbçinin yerləşdirilməsi planlarını təsdiqləyib: "Biz yeni dövrün astanasındayıq. Berlin Divarının yıxılması indi sadəcə, uzaq bir xatirədir. Biz çıxış nöqtəsinə qayıtmışıq. Biz müharibədən sonrakı dünyadan müharibədən əvvəlki dünyaya keçirik". 
    O, NATO-ya üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb və əlavə edib ki, Qərb ölkələri yaxın 5 ildə Çin, Rusiya, İran və Şimali Koreya ilə yeni münaqişələrə hazırlaşmalıdırlar. 
    Yaxın Şərqdə davam edən qanlı böhranı da nəzərə alsaq, əslində bu il bəlkə də qlobal sülhün, dünyanın taleyi həll olunur. Bəs gözlənti nədir, 2024-də Xeyir Şərə qalib gələ biləcəkmi? 
    Bu arada Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukrayna rəsmiləri vaxtında doğru qərar vermiş olsaydı, hər şey çoxdan bitmiş olardı: "Onlar danışıqlardan imtina etdilər! Amma sizə xatırladım ki, İstanbulda biz hər şeyi razılaşdırdıq, üstəlik, Ukrayna tərəfinin danışıqlar qrupunun rəhbəri də buna imza atdı. İmza ordadır, bizdə sənəd var. Bizə dedilər: Rusiya həqiqətən də bu məsələləri sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirməli, qoşunları Kiyevdən çıxarmalıdır. Çıxartdıq. Bir gün sonra bütün razılaşmaları zibil qutusuna atdılar".
    Putin haqlıdırmı? İstanbul görüşündən sonra həqiqətən Ukraynanın günahından sülh şansı buraxılıb? Bəşəriyyət gerçəkdən müharibədən sonrakı dünyadan 2-ci Dünya müharibədən əvvəlki dünyaya qayıdır?
    Əli Orucov: "Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır"
    Əli Orucov: "Ukrayna məsələsi həmin seçkilərin siyasi gündəliyindədir"
    AMİP liderinin köməkçisi, politoloq Əli Orucov II Dünya müharibəsindən sonra dünyanın heç vaxt belə təhlükələrlə üzləşmədiyini qeyd etdi: "Bu il Ukraynanın taleyinin həll olunacağı ilə bağlı Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şappsın dediklərini qəribçiliyə salmaq doğru olmaz. Təkcə Ukraynanın deyil, demokratiyanın, insanlığın və bəşəriyyətin taleyinin həll olunacağanı da söyləyə bilərik. İkinci Cahan savaşından sonra dünya heç vaxt indiki qədər qütblərə, cəbhələrə bölünməmişdi və belə ciddi təhlükələrlə, gərginliklərlə, münaqişələrlə üzləşməmişdi. Planetimiz nüvə, yaxud kütləvi qırğın silahlarının hər an tətbiqi qorxusu ilə üzləşib. Beynəlxalq hüquq sisteminə və prinsiplərə əməl edilmir. "Kim güclüdür, qanun da odur" yanaşmasının nəticəsidir ki, dünyada nizam-intizam, qayda-qanun itib. Rusiyanın təcavüzkar siyasəti, Çinin hegemonluğu, Qərbin "ənənəvi dünya ağalığından" əl çəkməməsi böyük gücləri qarşı-qarşıya qoyub. Rusiyada prezident seçkiləri yaxınlaşdıqca Ukraynaya dağıdıcı hücumları da intensivləşib. Putin seçki öncəsi reytinqini artırmağın, daxili problemlərin və ümumi narazılıqların bir qədər yumşaldılması yolunu Ukraynada hərbi əməliyyatların miqyasını genişləndirməkdə görür. Təəssüf doğuran odur ki, Ukrayna üzərindən hakimiyyətini saxlamağa çalışan təkcə Putin deyil, Qərbin özü də bu kartdan istifadə edir. Cari ildə ABŞ-da prezident və Böyük Britaniyada parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Ukrayna məsələsi həmin seçkilərin siyasi gündəliyindədir. Hazırda Ukrayna ilə bağlı elə bir mürəkkəb situasiya yaranıb ki, maraqlı və qarşıduran tərəflər güzəştə gedə bilmirlər. Çünki belə bir güzəşti məğlubiyyət, digər tərəf isə qalibiyyət kimi qələmə verəcək. Ukrayna müharibəsində ən çox yardım göstərən Qərb ölkələrindən Böyük Britaniya Rusiya təhlükəsinin miqyasını görünür daha çox anlayır. Əgər ABŞ və müttəfiqləri Kiyevə vəd etdikləri hərbi və maliyyə yardımını vaxtında icra etsələr Rusiyanın tezliklə məğlubiyyəti qaçılmaz olardı. Lakin hazırda Qərb ölkələrinin tərəddüd etmələri Rusiyanı daha da iştahlandırır və dağıdıcı müharibəni uzadır. Putinin Ukrayna ilə danışıqların pozulması ilə bağlı iddialarının kökündə isə əslində işğal faktoru ilə razılaşmaq dururdu. Rəsmi Kiyev isə təbii ki, işğalla barışmayıb. Torpaqlarının azad edilməsinə çalışır. Bütün müharibələr qarşılıqlı güzəşt və sülhlə nəticələndiyi kimi, Ukrayna müharibəsi də gec-tez sülhlə nəticələnəcək. Ümid edirəm ki, xeyr və şərin mübarizəsi olan bu müharibədə də xeyr qalib gələcək".
    Kamran Məmmədli: "Artıq nə beynəlxalq hüquq var, nə də..."
    AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli Putinin təklif etdiyi sülhün Ukraynadan daha çox ərazilər qoparmaq anlamına gəldiyini bildirdi: "Sülh hər iki tərəfin qarşılıqlı güzəştlər etməsi ilə razılaşdığı bir sövdələşmədir. Ancaq Vladimir Putinin bəhs etdiyi sülh Rusiyanın Ukraynadan daha çox ərazi əldə edərək sənədləşdirmək istədiyi bir prosesdir. Rusiyanın təklif etdiyi sülh Ukraynanın məğlubiyyəti və ərazilərindən imtina etməsi anlamına gəlir. Bu baxımdan, hesab edirəm ki Putin əgər həqiqətən də sülhün tərəfdarıdırsa, o zaman ən azından xoş niyyətini göstərmək üçün 2022-ci ilin fevral ayından öncəki ərazilərə çəkilməlidir. Yalnız bundan sonra Ukrayna hansısa danışıqlar barədə fikirləşə bilər. Hesab edirəm ki, 2024-cü ildə nəinki Ukrayna-Rusiya müharibəsində sülh əldə ediləcək, əksinə, dünyanın digər qaynar nöqtələrində də yeni müharibələr alovlanacaq. Çin-Tayvan, Şərqdə ABŞ və müttəfiqlərinin Yəməndə hərbi əməliyyatları, Asiyada iki Koreya arasında gərginliklər daha da şiddətlənəcək. Hazırda 1941-ci ildən əvvəlki dönəmə qayıtdığımızı söyləmək olar. Çünki həmin dövrdəki kimi, eynən bu gündə artıq ölkələr rahat şəkildə digər ölkələrə hücum etməkdən, əməliyyatlar aparmaqdan çəkinmirlər. Artıq nə beynəlxalq hüquq var, nə də hər hansısa bir iqtisadi sanksiyalar işə yarayır".
    Mənbə: Musavat.com
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1176925.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    83
    2
    16
    33
    30
    29
    16
    28
    30
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar