Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"COP29 konfransının keçirilməsi üçün Azərbaycanın seçilməsi ölkənin iqlim gündəliyinə sadiqliyini əks etdirir" Xəbərlər

0

  • COP29 konfransının keçirilməsi üçün Azərbaycanın seçilməsi ölkənin iqlim gündəliyinə sadiqliyini əks etdirir.
    Buz.Su xəbər verir ki. bu barədə Trend-ə özəl müsahibəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Alfonso Qarsia Mora deyib.
    Azərbaycana səfərin məqsədi
    "Bu, IFC-nin vitse-prezidenti olaraq Bakıya ilk səfərimdir. Bildiyiniz kimi, IFC Azərbaycanı özəl sektorun potensialının kəşf olunmasında dəstəkləməyə çalışır və mən yeni ideyalar eşitmək və yeni imkanları müzakirə etmək imkanını səbirsizliklə gözləyirəm. Sevinərək bildirirəm ki, baş nazir, dövlət məmurları, özəl sektorun nümayəndələri və tərəfdaşlarla olduqca səmərəli görüşlərim olub", - o deyib.
    Azərbaycanda keçiriləcək COP29 konfransı
    "Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyi xəbərini alqışlayırıq. Bu, ölkənin iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir. Azərbaycanın milli səviyyədə müəyyən edilən töhfəsi beynəlxalq dəstəklə 2050-ci ilədək tullantıların 1990-cı illə müqayisədə 40 faizədək azaldılmasını nəzərdə tutur", - deyə Mora qeyd edib.
    O, iqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrdə insanların həyatına ciddi təsir göstərdiyini və yoxsulluqla mübarizə səylərinə mane olduğunu qeyd edib.
    "Əfsuslar olsun ki, Azərbaycan da istisna deyil. Orta hesabla daşqınlardan artıq hər il 100 min nəfər əziyyət çəkir. Demək olar ki, bütün ölkə quraqlığa, eləcə də, su çatışmazlığına məruz qalıb, bu ekstremal hava şəraitinin intensivliyinin tezliyi isə yalnız artacaq. Dekarbonizasiya və dayanıqlılığın artması üzrə təcili irimiqyaslı tədbirlər görülməlidir.
    Faktiki olaraq, Dünya Bankı Qrupu tərəfindən hazırlanmış Azərbaycana dair İqlim və İnkişaf Hesabatına əsasən, 2060-cı ilədək 44 milyard ABŞ dolları dəyərində investisiyalar lazımdır. Hesabatımıza əsasən, iqlim hədəfləri "təmiz" enerjiyə qoyulan investisiyalar təcili artırılaraq, 2030-cu ilədək təqribən 1 milyard dollara çatdırılmadan əldə oluna bilməz. Lazımi investisiyaların mühüm hissəsi kommersiya və özəl sektor tərəfindən qoyulmalıdır", - IFC-nin vitse-prezidenti deyib.
    Mora daha sonra dekarbonizasiyasın qlobal iqtisadiyyatda rəqabət qabiliyyətinin qorunub saxlanması və Azərbaycanın çiçəklənən gələcəyinin təmin olunması üçün həlledici əhəmiyyət kəsb etdiyini bildirib.
    "Aşağı karbon tutumlu iqtisadiyyata keçid və iqlim dəyişikliklərinə qarşı davamlılıq tədbirlərinə investisiya qoymaq, eləcə də, lazımi siyasi islahatları həyata keçirmək ölkənin marağındadır. Hesabatda qeyd olunan imkanlardan istifadə ölkəyə iqtisadiyyatını gələcəyə hazırlamaqda və əhalisini iqlim dəyişikliklərindən qorumağa kömək edəcək. IFC Azərbaycanda özünün uzunmüddətli fəaliyyətinə əsaslanaraq, ölkəni iqlim hədəflərinin əldə olunmasında dəstəkləməyə hazırdır", - o deyib.
    IFC-nin Azərbaycana "yaşıl" enerjiyə keçid prosesində dəstəyi
    Mora son 30 il ərzində Azərbaycanın öz neft-qaz sektoru sayəsində mühüm iqtisadi inkişafa və rifahın yüksəlməsinə nail olduğunu qeyd edib. Belə ki, ölkədə ümumdaxili məhsulun (ÜDM) üçdə biri, ixracın 90 faizi və birbaşa xarici investisiyaların (BXİ) 71 faizi bu sektorun payına düşür.
    "Azərbaycan, şübhəsiz, aşağı karbonlu iqtisadiyyata uğurlu keçid etmək və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün qazıntı yanacağından imtina etməklə öz iqtisadiyyatının diversifikasiyasından qazanır. Özəl sektorun investisiya həlləri bu istiqamətdə təkanverici qüvvədir və biz ölkəni iqtisadiyyatın müxtəlif sektorlarında özəl sektorun potensialını kəşf etmək üçün imkanlar pəncərəsinin istifadəsində dəstəkləməyə hazırıq", - IFC-nin vitse-prezidenti deyib.
    Mora misal üçün, bərpa olunan enerji mənbələrinin IFC-nin ölkədəki fəaliyyətinin mühüm hissəsi olduğunu qeyd edib.
    "Dünya Bankının enerji sektorunun idarə olunmasına yardım proqramının təhlilindən göründüyü kimi, Azərbaycanın dənizdə külək enerjisi potensialı 157 geqavatt olaraq qiymətləndirilir. Bu, ölkənin hazırda təqribən 8 geqavatt olan ümumi quraşdırılmış gücü ilə müqayisədə çox böyük rəqəmdir. Azərbaycanın Energetika Nazirliyi, Dünya Bankı və IFC tərəfindən dərc olunmuş dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi göstərir ki, ölkə 2040-cı ilədək 7 geqavatt dənizdə külək enerjisinin quraşdırılması üçün potensiala malikdir.
    Bu külək enerjisindən istifadə tam məşğulluq ekvivalentində 69 min ildən çox iş və 7 milyard dollara qədər yerli ümumi əlavə dəyər yaratmağa imkan verə bilər. Azərbaycanla dənizdə külək enerjisi potensialının inkişafında əməkdaşlıq və ölkəyə özəl investisiyalar cəlb etmək hesabına yeni səviyyəyə nail olmaqda kömək göstərməkdə əməkdaşlıq üçün bütün imkanlarımız var. Dünya Bankı hökumətlə dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsinin reallaşdırılması, bu sahənin inkişafına təşəbbüs göstərilməsi və ölkəyə tərtibatçılarla özəl investorların cəlb olunması üzərində çalışır", - deyə Mora əlavə edib.
    IFC-nin Azərbaycanla 2024-cü il üzrə əməkdaşlıq planları
    Alfonso Qarsiya Mora IFC-nin ölkəni qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətinin artırılması və özəl sektorun böyük potensialının kəşf olunmasında dəstəkləməyə çalışdığını əlavə edib.
    "İnfrastrukturda və səhiyyədə dövlət-özəl tərəfdaşlığı vasitəsilə kapitalın və "nou-hau" biliklərin istifadəsi, eləcə də, bərpa olunan enerji mənbələri, əczaçılıq, nəqliyyat və logistika kimi mühüm sektorlara böyük sayda şəxsi investisiyaların cəlbi prioritet təşkil edir. Rəqəmsal infrastrukturda mühüm perspektivlər görürük.
    Elektron mobillik bütün regionda inkişaf edən sahədir. Azərbaycanda ümumi enerji istehlakında nəqliyyat sektorunun payı 22,6 faizdir. Ətraf mühitə təsiri azaltmaqdan ötrü özəl mənbələrdən maliyyələşdirilən elektromobillər üçün şarj stansiyalarının quraşdırılmasının və şəhər infrastrukturunun, o cümlədən, ölkənin avtobus parkının yenilənməsinin sürətləndirilməsi məqsədilə investisiyalar lazımdır", - o deyib.
    IFC-nin vitse-prezidenti hökumətin elektromobil idxalı üçün artıq vergi güzəştləri tətbiq etdiyini bildirib.
    "Lakin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin geniş miqyaslı tətbiqi siyasət və tənzimləmədə dəyişikliklər tələb edəcək. Yanacaqdan istifadənin səmərəlilik standartlarının kəskin yüksəldilməsi, daxili yanma mühərriklərinə malik köhnə avtomobillərin yeniləri ilə əvəz olunmasına təşviq və yük daşımalarının səmərəliliyinin artırılması üzrə səylər prioritet olmalıdır. IFC Azərbaycana elektron mobillik bazarının inkişafı üçün normativ, siyasi və institusional baza hazırlamaqda kömək göstərməklə, eləcə də, özəl sektor layihələri üçün maliyyə vəsaiti təmin etməklə ölkənin səylərini dəstəkləyə bilər. Sonuncu, lakin bir o qədər əhəmiyyət kəsb edən amil isə innovativ həllər vasitəsilə maliyyə vəsaitinə çıxış imkanını yaxşılaşdıra bilən rəqəmsal maliyyə xidmətləridir", - deyə o əlavə edib.
    IFC-nin Azərbaycanla əməkdaşlığının əsas nəticələri
    Mora IFC-nin son on il ərzində Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və istehsalat sahəsində 60-a yaxın layihəni maliyyələşdirməklə 850 milyon dollardan çox investisiya yatırdığını qeyd edib.
    "IFC biznes mühiti, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və aqrar biznesə yönəlmiş ondan çox konsultativ xidmət layihəsi həyata keçirib. Ölkənin diversifikaiya proqramına dəstək üzrə səylərimiz çərçivəsində IFC İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) tərəfdaşlığı ilə şirkətlərin qeyri-neft iqtisadiyyatına investisiya qoymalarını asanlaşdırmaq üçün hökumətlə birgə çalışır. Bu fəaliyyət, o cümlədən, qeydiyyat sistemləri, yoxlamalar, lisenziyalaşdırma və icazələrin verilməsində fundamental biznes islahatlarına səbəb olub", - IFC-nin vitse-prezidenti deyib.
    O, IFC-nin Azərbaycanı üç qanunun qəbulu üzrə strateji konsultasiya ilə təmin etdiyini bildirib.
    "Turizm haqqında qanun özəl sektor üçün vaxtın qısaldılması və xərclərin azaldılması metodlarının tətbiqinə, o cümlədən keyfiyyətin tənzimlənməsi və təminatının bazar üzrə rəqabətli vəsaitlərinə yönəlib. Qida məhsullarının təhlükəsizliyi haqqında qanun qida zəncirinin keyfiyyətinə nəzarətin yeni metodlarını tətbiq etməklə qida məhsullarının təhlükəsizliyinin idarə olunması üzrə milli sistemi müasirləşdirib. İnvestisiya fəaliyyəti haqqında qanun daha çox investisiya cəlbinə kömək etmək üçün investisiyaların qorunacağına təminat verir. IFC həmçinin, kiçik və orta biznes məsələləri və kənd təsərrüfatında sığorta qanunları üzrə konsultasiyalar təmin edib", - deyə Mora əlavə edib.
    O, IFC-nin SECO ilə birlikdə ölkənin maliyyə infrastrukturunun yaxşılaşdırılması və kiçik biznes üçün maliyyə vəsaitinə çıxış imkanının genişləndirilməsinə yönəlmiş tənzimləyici islahatları dəstəklədiyini vurğulayıb.
    "Misal üçün, kredit büroları haqqında müasir qanunun qəbul edilməsi 2018-ci ildə ilk özəl krefit bürosunun yaradılması ilə nəticələndi. Bundan başqa, IFC təminatlı əqdlər haqqında qanunun hazırlanmasını dəstəkləyib.
    Bu, adətən daşınmaz əmlak kimi aktivləri çatışmayan kiçik müəssisələrin öz daşınan aktivlərindən (inventar, debitor borcu və avadanlıq) girov qismində istifadə etməsinə imkan verir. İslahat daşınan əmlak reyestrini yaratmağa kömək edib.
    Azərbaycan Mərkəzi Bankına (AMB) IFC-in elektron və rəqəmsal maliyyə xidmətləri üzrə layihə çərçivəsində göstərdiyimiz dəstək ödəniş sistemləri və ödəniş xidmətləri haqqında qanunun hazırlanmasını da əhatə edib, həmçinin, maliyyə müəssisələri tərəfindən tətbiqi proqramlaşdırma interfeysinin birgə istifadəsi üzrə addımları müəyyən edən açıq bankçılıq üzrə yol xəritəsinin qəbuluna şərait yaradıb", - o deyib.
    Mora, həmçinin, IFC-nin maliyyə vəsaitinə çıxış imkanının asanlaşdırılması və maliyyə sektorunun daha da möhkəmlənməsi üçün aktiv əsaslı maliyyələşdirmə (ABF) layihəsini başlatdığını və layihənin məqsədinin ABF məhsullarının prudensial tənzimlənməsini təmin edən hüquqi bazanın təkmilləşdirilməsinə dəstəkdən ibarət olduğunu qeyd edib.
    "Kiçik biznes və qadın sahibkarlar üçün maliyyə vəsaitinə çıxış imkanını genişləndirmək, eləcə də maliyyə sektorunun dayanıqlılığını yüksəltməyə kömək etmək üçün 2023-cü ilin yanvar ayında ölkədəki çoxdankı müştərimiz olan "Bank Respublika" üçün 40 milyon ABŞ dolları dəyərində maliyyə paketi imzaladıq. Azərbaycandakı fəaliyyətimiz özəl sektora müsbət təsir göstərib, lakin inanıram ki, gələcək daha böyük imkanlar açacaq. IFC investisiya və konsultasiya fəaliyyəti ilə ekoloji inkişafı təşviq etməyə, nəqliyyat dəhlizlərini və kommunikasiyanı möhkəmələndirməyə, maliyyə əlçatanlığını yüksəltməyə və dayanıqlı (yaxud iqlim cəhətdən optimallaşdırılmış) kənd təsərrüfatını dəstəkləməyə çalışır", - deyə o sonda qeyd edib.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1169865.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    15
    22
    13
    31
    22
    30
    27
    31
    20
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar