Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Necə namaz qılaq? Xəbərlər

0

  • Hər bir müsəlmаnа gündə 17 rəкət nаmаz qılmаq vаcibdir. Sübh 2 rəкət, zöhr 4 rəкət, əsr 4 rəкət, məğrib (şаm) 3 rəкət,  işa namazı isə 4 rəкətdir. Аllаh-taаlа Qurаni-Кərimdə buyurur: "Həqiqətən, nаmаz insаnı çirкin işlərdən və pis əməllərdən qоruyur". ("Ənkəbut" surəsi, аyə 45)
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Namaz qılmayan mənim ümmətimdən deyildir". (Biharül-ənvar 79/136)
    İmamlarımız həzrət Peyğəmbərdən (s) belə nəql ediblər: "Qiyamət günü bizim şəfaətimiz namazı yüngül hesab edən şəxslərə çatmayacaq". (Biharül-ənvar 47/2)
    Dəstəmaz
    Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.
    Dəstəmazın şərtləri
    Dəstəmazda aşağıdakı şərtlərə riayət olunmalıdır:
    1. Dəstəmazın suyu pak, mübah olmalı və qəsbi olmamalıdır.
    2. Dəstəmaz üzvləri pak olmalıdır.
    3. Dəstəmazda ardıcıllığıa riayət edilməlidir və suyu bütün dəstəmaz üzvlərinə  çatdırmaq lazımdır.
    4. Niyyətdə qürbət qəsdi olmalıdır (yəni Allaha yaxınlaşmaq niyyəti ilə alınmalıdır).
    Dəstəmazın qaydası
    1. Sağ əllə üzü alının tük bitən yerindən çənənin axırına qədər və eni baş barmaqla orta barmaq məsafəsində üzü aşağı yumaq lazımdır.
    2. Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.  
    3. Sonra sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.    
    4. Sağ əldə qalmış suyun nəmliyi ilə başın ön (təpə) hissəsindən uzunluğu bir barmaq və eni 3 bitişik barmaq məsafəsində üzüaşağı məsh çəkilməlidir.
    5. Sağ əllə sağ ayağın barmaqlarından yuxarıya - topuğa doğru məsh çəkilməlidir.
    6. Sol əllə sol ayağın barmaqlarından yuxarıya - topuğa doğru məsh çəkilməlidir.  
    Dəstəmazı batil edən amillər
    Aşağıdakı amillər dəstəmazı batil edir:
    1. Bövl etmək. (Sidik)
    2. Qait. (Böyük bayıra çıxmaq)
    3. Qaitin məxrəcindən xaric olan mədə və ya bağırsaq yeli.
    4. Yatmaq. (Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu. Göz görməsə, lakin amma qulaq eşidərsə, dəstəmaz batil olmaz)
    5. Ağılı aradan aparan şeylər. (Məsələn, dəlilik, məstlik, huşu itirmək və s. kimi)
    6. Qüsul alması lazım olan işlər.
    Təyəmmüm
    Su olmadıqda, yaxud kifayət qədər olmadıqda, yaxud su tapmaqdan ümidsiz olduqda, yaxud zərər və ya xəstəliyə səbəb olacağı təqdirdə, ya da susuzluq və ya ölüm təhlükəsi olduğu hallarda namaz qılmaq üçün təyəmmüm alınmalıdır.
    Təyəmmümün şərtləri
    1. Su olan yerdə təyəmmüm batildir.
    2. Təyəmmüm edərkən məsh yerləri pak olmalıdır. Əgər suya çəkmək mümkün olmasa, eləcə təyəmmüm edilməlidir.
    3. Dəstəmazı batil edən şeylər təyəmmümü də batil edir.
    4. Təyəmmüm edərkən ardıcıllığa riayət olunmalıdır.
    5. Qürbət qəsdi  niyyəti ilə (qürbətən iləllah) olmalıdır. (Təyəmmüm edirəm qürbətən iləllah)
    Təyəmmümün qaydası
    1. Niyyət belədir: "Təyəmmüm edirəm qürbətən iləllah" Sonra iki əlin içini üzərinə təyəmmüm edilməsi səhih olan (məsələn, torpaq, qum, kəsək, daş və sair bu kimi) şeylərə vurmaq lazımdır.
    2. Sonra hər iki əl alının tük bitən yerindən qaşların və burunun üzərinə qədər çəkilir.  
    3. Ardınca isə sol əlin içi sağ əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.  
    4. Sonra isə sağ əlin içi sol əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.
    Namazın şərtləri
    1. Namaz qılanın yeri pak, mübah olmalı və qəsbi olmamalıdır.
    2. Alının səcdəyə qoyulduğu şey pak olmalıdır.
    3. Torpağa, daşa, yarpağa, quma, yeməli və geyməli olmayan şeylərin üzərinə səcdə etmək olar. Müstəhəbdir ki, İmam Hüseynin (ə) türbətindən olan möhür üzərinə səcdə edilsin.
    4. Namaz qılarkən üzü qibləyə dayanmaq lazımdır.
    Azan
    Namazdan əvvəl azan demək müstəhəbdir.
    Azanın qaydası belədir:
    Allahu Əkbər - 4 dəfə (Allah böyükdür!)
    Əşhədu ən la ilahə illəllah - 2 dəfə (Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur)
    Əşhədu ənnə Muhəmmədən Rəsulullah - 2 dəfə (Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın Elçisidir)
    Əşhədu ənnə Əliyyən vəliyyullah - 2 dəfə (Şəhadət verirəm ki, Əli (ə) Allahın Vəlisidir)
    Həyyə ələs-səlat - 2 dəfə (Namaza tələsin!)
    Həyyə ələl-fəlah - 2 dəfə (Nicat tapmağa tələsin!)
    Həyyə əla xəyril-əməl - 2 dəfə (Yaxşı işlərə tələsin!)
    Allahu əkbər - 2 dəfə (Allah böyükdür!)
    La ilahə illəllah - 2 dəfə (Allahdan başqa heç bir məbud yoxdur)
    İqamə
    Allahu Əkbər - 2 dəfə (Allah böyükdür!)
    Əşhədu ən la ilahə illəllah - 2 dəfə (Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur)
    Əşhədu ənnə Muhəmmədən Rəsulullah - 2 dəfə (Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın Rəsuludur)
    Əşhədu ənnə Əliyyən vəliyyullah - 2 dəfə (Şəhadət verirəm ki, Əli (ə) Allahın Vəlisidir)
    Həyyə ələs-səlat - 2 dəfə (Namaza tələsin!)
    Həyyə ələl-fəlah - 2 dəfə (Nicat tapmağa tələsin!)
    Həyyə əla xəyril-əməl - 2 dəfə (Yaxşı işlərə tələsin!)
    Allahu əkbər - 2 dəfə (Allah böyükdür)
    Qəd qamətis-səlat - 2 dəfə (Namaz bərpa olmuşdur)
    La ilahə illəllah - 1 dəfə (Allahdan başqa heç bir məbud yoxdur)
    Namazın rüknləri
    Namazın beş rüknü (əsası, dayağı) vardır. Əgər insan onu qəsdən, yaxud səhvən yerinə yetirməsə namaz batildir:
    1. Niyyət.
    2. Təkbirətül-ehram. (Niyyətdən sonra "Allahu Əkbər" demək)
    3. Qiyam. (Namazdan əvvəl namaz qılmaq və həmd-surəni demək üçün ayaq üstə durmaq. Yəni rükuya bitişik qiyam - rükudan əvvəl ayaq üstə durmaq)
    4. Rüku.
    5. Səcdələr.
    Niyyət və Təkbirətül-ehram
    Niyyət - namazın vacib əməllərindən və rüknlərindəndir. Onun qaydası belədir: Məsələn, əgər sübh namazı qılınarsa, belə deyilməlidir: "Sübh namazı qılıram vacib qürbətən iləllah". (Allaha yaxın olmaq, Onun əmrini yerinə yetirmək niyyətilə sübh namazı qılıram) "Təkbirətül-ehram" niyyətdən sonra fasiləsiz olaraq deyilən "Allahu Əkbər" kəlməsidir. Məsələn, əgər sübh namazı qılınırsa, belə deyilməlidir. "Sübh namazı qılıram vacib qürbətən iləllah" - "Allahu Əkbər".
    Qiyam və Qiraət
    Qiyam namaz qılmaq üçün ayaq üstə hazır durmaq, "Allahu Əkbər" deməzdən əvvəl, həmçinin qiraət zamanı bədəni aram saxlamağa deyilir.
    Namazın birinci rəkətində "Həmd" və surəni oxumaq lazımdır. Buna qiraət deyilir.
    "Həmd" ("Fatihə") surəsi
    Bismillahir-Rəhmanir-Rəhim.
    Əlhəmdu lillahi Rəbbil-aləmin. Ərrəhmanir-Rəhim. Maliki yovmiddin. İyyakə nə`budu və iyyakə nəstə`in. İhdinəs-siratal-mustəqim. Siratal-ləzinə ən`əmtə ələyhim, ğəyril məğdubi əleyhim vələddallin.
    Tərcüməsi: Mərhəmtli, Rəhmli Allahın adı ilə. Həmd (şükr və tərif) olsun aləmlərin Rəbbinə. (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana. Haqq-hesab (Qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
    "İxlas" surəsi
    Bismillahir-Rəhmanir-Rəhim
    Qul huvəllahu əhəd. Allahus-saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kufuvən əhəd.
    Tərcüməsi: Mərhəmtli, Rəhmli Allahın adı ilə. De (ya Peyğəmbər): Allah təkdir. Allah ehtiyacsızdır (Başqalarının ehtiyacını ödəyən Odur). (Allah) doğmayıb və doğulmayıb. Və Onun üçün heç bir oxşar yoxdur. (O tək və bərabərsizdir)
    Rüku
    Qiraətdən ("Fatihə" və surəni oxuduqdan) sonra rükuya gedərək 3 dəfə "Subhanəllah", ya da bir dəfə "Subhanə Rəbbiyəl-əzimi və bihəmdih" deyilir.
    Tərcüməsi: Mənim böyük Rəbbim hər bir eyib və nöqsandan pak və münəzzəhdir. Mən də Ona həmd-sitayiş etməklə məşğulam".
    Səcdələr
    Rükudan sonra qalxıb bədəni aram etmək vacibdir. Rükudan fasiləsiz olaraq səcdəyə gedilsə, namaz batildir. Səcdə rükudan qalxdıqdan və bədən aram olduqdan sonra edilir. Səcdəyə gedərkən alın, əllərin içi, dizlər və ayaqların baş barmağı yerə dəyməlidir. Səcdədə ya 3 dəfə "Subhanəllah", ya da bir dəfə "Subhanə rəbbiyəl-ə'la və bihəmdih" (Mənim hamıdan ali məqamlı Rəbbim hər eyib və nöqsandan pak və münəzzəhdir. Mən də Ona həmd-sitayiş etməklə məşğulam) deyilməlidir.
    Birinci səcdədən başımızı qaldırıb, diz üstə oturaraq "Allahu Əkbər" deyib, ikinci səcdəyə (eyniylə birinci səcdədə olduğu kimi) gedirik.
    Qunut
    İkinci rəkətdə "Fatihə" və surəni oxuduqdan sonra rükuya getməzdən əvvəl əlləri üzün qarşısına tutaraq dua edilir.
    "Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd" (İlahi, Məhəmməd və onun ailəsinə salavat göndər)
    Həmçinin bu duanı oxumaq müstəhəbdir: "Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənəh. Və qina əzabən-nar. Birəhmətikə ya ərhəmər-rahimin". (Rəbbimiz, bizə dünya yaxşlıq əta et və axirətdə də yaxşılıq əta et. Və bizi Cəhənnəm əzabından qoru. Rəhmətin xatirinə, ey rəhimlilərin ən rəhimlisi)
    Təşəhhüd
    İkinci rəkətin rüku və səcdələrindən sonra diz üstə oturmuş halda təşəhhüd deyilməlidir:
    Əlhəmdu lillah. Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd.
    Tərcümə: Həmd yalnız Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur. Təkdir, şəriki yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd Allahın qulu və rəsuludur. İlahi! Salavat göndər Məhəmmədə və onun ailəsinə.
    Salamlar
    İki rəkətli namazlarda təşəhhüddən sonra, üç və dörd rəkətli namazlarda isə axırıncı təşəhhüddən sonra salamlar deyilməlidir: Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin. Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
    Tərcüməsi: Salam olsun sənə, ey Peyğəmbər! Allahın rəhmət və bərəkəti sənə olsun! Salam olsun bizə və bütün saleh bəndələrə! Allahın salam rəhmət və bərəkəti sizlərə olsun!
    Namazı qurtardıqdan sonra 3 dəfə "Allahu Əkbər" demək müstəhəbdir.
    Üç və dörd rəkətli namazların 2-ci rəkətinin təşəhhüdündən sonra ayağa qalxmaq, sonra ya təkcə "Fatihə" surəsini, ya da onun yerinə 3 dəfə "Təsbihati ərbə`ə" demək lazımdır. "Təsbihati-ərbə`ə" belədir:
    Subhanəllahi, vəl-həmdu lillahi, və la ilahə illəllahu, vallahu əkbər.
    Sonra yenə rüku və səcdələri yerinə yetirmək lazımdır.
    Qeyd: Əgər namaz üç rəkətli (şam namazı kimi) olarsa, üçüncü rəkətin səcdələrindən sonra həm təşəhhüd, həm də salamları deyərək namazı qurtarırıq. Əgər 4 rəkətli namaz (zöhr, əsr və xiftən namazı kimi) olarsa, üçüncü rəkətin səcdələrindən sonra təşəhhüd demədən dördüncü rəkət üçün ayağa qalxmalı, ya "Fatihə" surəsini, ya da "Təsbihati-ərbə`ə"ni oxumaq lazımdır. Rüku və səcdələri yerinə yetirdikdən sonra təşəhhüd və salamları deyib, namazı bitiririk.
    Namazı batil edən şeylər
    1. Yeyib, içmək;
    2. Üzü qiblədən döndərmək;
    3. Namazın sözlərindən başqa söz demək;
    4. Namaz qılarkən dünya işləri üçün ağlamaq;
    5. Gülmək (uca səslə gülmək);
    6. Namazın səhih olmasına aid şərtləri pozmaq (yol getmək, əl çalmaq kimi işlər);
    7. Namaz əsnasında namaz formasından xaric olacaq tərzdə sakit qalmaq;
    8. Vacib namazı üzürlü səbəb olmadan sındırmaq haramdır;
    9. Namazın, rüku kimi əsas tərkib hissələrini azaldıb-çoxaltmaq;
    10. Namaz əsnasında qəsdən, ya səhvən dəstəmaz, qüsul, yaxud təyəmmümü batil olarsa, namazı da batildir;
    11. İki və üç rəkətli namazların rəkətlərində şəkk etmək;
    12. Namaz əsnasında ixtiyar üzündən, yaxud ixtiyarsız yatmaq;
    13. Əli əlin üstünə qoymaq;
    14. "Fatihə" surəsindən sonra qəsdən "Amin" demək. Amma əgər səhvən, təqiyyə üzündən deyərsə eybi yoxdur.
    Namazın məkruhatı
    1. Gözləri yummaq;
    2. Əl və barmaqlarla oynatmaq;
    3. "Fatihə", surə və zikr oxuyan zaman başqasının sözünə qulaq asmaq üçün sükut etmək;
    4. Xüşu və xüzunu aradan aparan hansısa bir iş görmək.
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1153323.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    8
    27
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar