Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İntihar hallarının başvermə səbəbləri əsasən psixoloji, sosioloji problemlərdən qaynaqlanır - Səbinə Əliyeva Xəbərlər

0

  • Buz.Su Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ümumdünya İntiharların Qarşısının Alınması Günü ilə bağlı Trend-ə müsahibəsini təqdim edirik:
    - Səbinə xanım. Əvvəlcə müsahibə üçün şərait yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Məlum olduğu kimi, 10 sentyabr tarixi Ümumdünya İntiharların Qarşısının Alınması Günü kimi qeyd edilir. Bu günün əhəmiyyəti barədə məlumat verməyinizi istərdik.
    - Təşəkkür edirəm. Bu gün İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiyanın təşəbbüsü və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd dünyada intiharların qarşısını almaq istiqamətində geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, intihar əleyhinə geniş təbliğatın aparılmasıdır.
    Məlumdur ki, intihar hallarının sayı son dövrlərdə artmaqdadır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər il dünyada 700 mindən çox insan intihar edərək həyatını itirir. İntihar halların aradan qaldırılması üçün maarifləndirmə işinin aparılması çox vacib məsələlərdən biridir. Məhz bu səbəbdən də 10 sentyabr tarixi diqqəti bu ciddi məsələyə yönəltmək, ictimaiyyət arasında məlumatlılığı artırmaq məqsədi daşıyır. Bununla belə 2021-2023-cü illər üçün Ümumdünya İntiharın Qarşısının Alınması Gününün mövzusu "Fəaliyyət yolu ilə ümid yaratmaq" adlanır.
    - Səbinə xanım, intihar hallarının başvermə səbəbləri haqqında nə deyə bilərsiniz?
    - İntihar hallarının başvermə səbəbləri əsasən psixoloji, sosioloji problemlərdən qaynaqlanır. Eyni zamanda, intiharların əsas səbəblərindən biri də depressiyadır. Kədər, narahatlıq, dəyərsizlik hissi insanların başqalarından uzaqlaşmasına, yuxu və iştah pozuntusuna şərait yaradır. Nəticədə insanlar özünü yalnız hiss edərək intihara cəhd edirlər.
    Hazırda internetdən, telefonlardan istifadənin artması da intihara meylliliyin çoxalmasına gətirib çıxarır. Belə ki, günün çox hissəsinin müasir texnologiyalardan istifadə etməklə keçirilməsi, bir sıra əhəmiyyətsiz və arzuedilməz informasiyaların toplanması insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bununla da insanlar tədricən başqa səmərəli fəaliyyətlərlə məşğul olmaqdan uzaqlaşır və təəssüflər olsun ki, bu kimi hallar intiharla nəticələnir.
    Bütün bunlarla yanaşı, ailə-məişət zəminində baş verən zorakılıq hadisələri, münaqişələr, xüsusilə ailə daxilində qadınlara və azyaşlılara göstərilən təzyiq də intiharlarla nəticələnə bilir. Baş verən çətinliklərin aradan qaldırılmasının mümkünsüz olduğunu, həyatı boyunca bu təzyiqlərə məruz qalacağını düşünən şəxslər tamamilə yanlış olaraq çıxış yolunu öz həyatına qəsd etməkdə görürlər.
    Bu cür halların qarşısının alınması üçün, təbii ki, müxtəlif maarifləndirici tədbirlərin təşkil olunması mühüm əhəmiyyət kəsb edir.
    - Qeyd etdiyiniz kimi, bir çox hallarda təzyiqlərin olması intihar hallarının baş verməsinə gətirib çıxara bilir. Bəs intihar həddinə çatdırmaya görə təqsirləndirilən şəxslərə qarşı hansı hüquqi məsuliyyət tədbirləri tətbiq olunur?
    - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsinə (özünü öldürmə həddinə çatdırma) əsasən, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    - Tərəfinizdən bu əhəmiyyətli mövzu ilə bağlı nə kimi işlər görülüb?
    - Ümumilikdə tərəfimizdən intihar hallarının qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilib. Nəzərə almaq lazımdır ki, intihar halları uşaqlar və yeniyetmələr arasında çoxluq təşkil edir. Bu cür halların qarşının alınması üçün də Ombudsman təsisatı tərəfindən bir sıra işlər görülür. Belə ki, məlum olduğu kimi, tərəfimdən ənənəvi olaraq hər il oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə "Uşaq Hüquqları Aylığı" elan edilir. Bu tarixlərdə dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, müvafiq qurumlar tərəfindən uşaq hüquqlarına dair dəyirmi masalar, treninqlər, seminarlar, kampaniyalar, sərgi və müsabiqələr keçirilir, araşdırmalar aparılır və digər tədbirlər təşkil edilir.
    Eyni zamanda, ayrı-seçkilik, istismar, sui-istifadə, laqeyd rəftar, zorakılıqdan müdafiə, intihar hallarının qarşısının alınması kimi mühüm məsələlər üzrə paytaxt və region məktəblərində psixoloq, müəllim və şagirdlərin iştirakı ilə bir sıra silsilə maarifləndirici tədbirlər keçirilir. Bundan əlavə, Ombudsman Aparatı tərəfindən uşaq hüquqlarına dair müxtəlif mövzularda maarifləndirici plakatlar hazırlanır və bu sosial reklamlar şəhərin müxtəlif yerlərindəki açıq məkan reklam qurğularında yayımlanır. Posterlərdə uşaqların zərərli təsirlərdən, istismardan, ayrı-seçkilikdən, bullinq və intihardan, zorakılıqdan müdafiəsi, eləcə də erkən nikahın qarşısının alınması, uşaqların fikirlərinin dinlənilməsi və uşaq hüquq pozuntusuna dair Müvəkkilə müraciət ilə bağlı şüarlar əks olunur.
    - Bilirik ki, Ombudsman olaraq cari il bitdikdən sonra 2 aydan gec olmayaraq hazırladığınız illik məruzəni ölkə Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edirsiniz. İllik məruzələrdə intihar halları ilə bağlı nə kimi qeydlər edilib?



    - Bəli, hər il "Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq hazırlanır.
    Ötən il insan hüquq və azadlıqlarının səmərəli təmin olunması və etibarlı müdafiəsi məqsədilə tərəfimizdən edilmiş təkliflərdən biri də cinayət təqibi barədə məlumatlardan şübhəli və təqsirləndirilən şəxslərin, eləcə də məhkumların ailə üzvlərinə, xüsusən də onların azyaşlı övladlarına qarşı psixoloji təzyiq vasitəsi (bullinq) kimi istifadə edilməsinin və bu təzyiqin səbəb ola biləcəyi ağır nəticələrin (özünü öldürmə həddinə çatdırma, özünə xəsarət yetirmə, tərəflər arasında ağır nəticələrə səbəb ola biləcək münaqişələrin baş verməsi və s.) qarşısının alınması məqsədilə mediada şübhəli və təqsirləndirilən şəxslər barəsində verilən (dərc edilən) foto və video materiallarda onların üz görüntüsünün yayğın (bulanıq, pikselli və s.) şəkildə təsvir edilməsi ilə bağlı qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin edilməsi olmuşdur.
    - Sosial şəbəkələrdə, eləcə də mediada intihar xəbərləri geniş işıqlandırılır. Bununla bağlı münasibətinizi öyrənmək istərdik.
    - İntihar, həmçinin zorakılıq halları ilə bağlı informasiyaların sosial şəbəkə və mediada geniş yayımlanması, təbii ki, insanların psixoloji vəziyyətinə çox mənfi təsir edir. Qeyd etdiyim kimi, bu cür mənfi informasiyaların yayılması insanlarda intihara meylliliyin artmasına səbəb olur.
    İnternet sürətlə inkişaf edir. Bu proses davam etdikcə müxtəlif mənfi halların baş verməsində də ciddi artım müşahidə olunur. Sosial şəbəkələrdə məişət zorakılığı, intihar və digər mənfi xəbərlərin yayımlanması şəxslər arasında fikir ayrılığının yaranmasına, münaqişələrin artmasına, cəmiyyətdə mənfi ictimai rəyin formalaşmasına gətirib çıxarır.
    Eyni zamanda, informasiyalarda istifadə olunan şəkillər də insanların psixologiyasına mənfi təsir göstərə bilir. Xəbərlərə neqativ başlıqların qoyulması da insanlarda mənfi düşüncənin artmasına zəmin yaradır. Bu səbəbdən bu cür xəbərlərin hazırlanması zamanı qeyd edilən məqamlara xüsusi diqqət yetirilməlidir. Həmçinin mənfi halların yaşanmasını təbliğ edən bu kimi materiallar yayımlanmamalı, maarifləndirici xəbərlərin sayı artırılmalıdır.
    - Səbinə xanım, son olaraq, intihar hallarının qarşısının alınması məqsədilə ümumilikdə hansı tədbirlər həyata keçirilməlidir?
    - Düşünürəm ki, intiharların qarşısının alınması ilə bağlı preventiv addımların atılması aidiyyəti dövlət orqanları, təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, media qurumları, xəbər portalları arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmalı və inkişaf etdirilməlidir. Bu əməkdaşlıq çərçivəsində, xüsusilə maarifləndirmə fəaliyyəti genişləndirilməli, sağlam həyat tərzini təbliğ edən mövzular üzrə layihələr həyata keçirilməli, çap vəsaitləri, sosial çarxlar hazırlanmalı və əhali arasında geniş yayılmalıdır.
    Bununla yanaşı, ailədaxili problemlərin həlli, eləcə də intihara meylli şəxslərin psixoloji durumunun nəzarətdə saxlanılması, ailə üzvlərinin, əzizlərinin və yaxınlarının daim xüsusi diqqət və qayğı göstərməsi onların üzləşdiyi bu çətin vəziyyətdən çıxışına müsbət təsir göstərə biləcək amillərdəndir.
    Eyni zamanda, daha əvvəl də qeyd etdiyim kimi, sosial şəbəkələrdə və mediada insanların psixologiyasına mənfi təsir göstərə biləcək informasiyaların yayımlanmaması da intihar hallarının azalması ilə nəticələnə bilər.
    Hesab edirəm ki, müasir dövr üçün çox aktual olan sosial problemə qarşı komplek şəkildə mübarizə aparmaq məqsədilə Azərbaycanda intiharların qarşısının alınması Milli Fəaliyyət Planı hazırlanması və təsdiq olunaraq həyata keçirilməsi prosesi sürətləndirilməlidir.
    - Səbinə xanım, bu əhəmiyyətli mövzuda müsahibəyə görə Sizə təşəkkürlərimizi bildiririk.
    - Çox sağ olun, göstərdiyiniz təşəbbüsə görə mən də Sizə təşəkkür edirəm.
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1142549.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib32 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    26
    25
    2
    38
    23
    27
    33
    35
    29
    4
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar