Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İsrail təyyarəsi Gəncəyə nə gətirib? - Tərsinə "∀” yeni müharibənin simvolu kimi... - FOTO Xəbərlər

0

  • Azərbaycanın İsraildən silah alması Ermənistanda yenidən əsas müzakirə predmetlərindən birinə çevrilib. Bu xüsusda "AzadlıqRadiosu"nun erməni xidməti bildirir ki, Azərbaycan təyyarələrinin İsrailin "Ovda" hava limanına reyslərinin sayı yenidən artıb. İsrail mənbələrinə görə, "Ovda" həmin ölkədə silahların ixracı və idxalına icazəsi olan yeganə aerodromdur. 
    Bildirilir ki, təkcə avqustun 15-dən sentyabrın 5-dək Azərbaycanın "Silk Way" aviaşirkəti İsrailin bu aerodromuna yük təyyarələri ilə artıq 5 reys həyata keçirib: 15, 29 avqust, 1, 2 sentyabr və sentyabrın 5-də daha bir reys. Üstəlik, sentyabrın 1-də "Silk Way" təyyarəsi "Ovda"dan birbaşa Azərbaycanın Gəncə şəhərinin hava limanına qayıdıb, sentyabrın 2-də isə Gəncədən İsrailə uçaraq yenidən Azərbaycanın bu hava limanına qayıdıb. Diqqətə çatdırılır ki, bu il İsrailin "Haaretz" qəzeti Azərbaycandan "Ovda" aviabazasına və geriyə onlarla yük reysi ilə bağlı araşdırma aparıb.
    Buz.Su musavat.com-a istinadən bildirir ki, "Haaretz" qəzeti yazıb ki, hələ 2020-ci ildə Ermənistan-Azərbaycan hərbi toqquşmaları zamanı Bakıdan "Ovda"ya uçuşların sayı kəskin artıb. Nəşr açıq mənbələrə əsaslanaraq yazır ki, təkcə son 7 ildə, yəni 2016-cı ildən başlayaraq Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus yük təyyarələri 92 dəfə İsrailin "Ovda" aerodromuna enib. Eyni zamanda, İsrailin "Haaretz" qəzetinin yazdığına görə, 2016-cı ilin dördgünlük müharibəsi zamanı Bakıdan "Ovda" aerodromuna 6, 2020-ci ilin 44 günlük müharibəsi zamanı isə yalnız sentyabr-noyabr aylarında 20 uçuş həyata keçirilib. 2021-ci ilin iyul-noyabr aylarında baş verən hərbi toqquşmalar zamanı 13, 2022-ci ilin avqust-sentyabr aylarında baş verən hərbi toqquşmalar zamanı 7 uçuş həyata keçirilib. 
    "Haaretz" vurğulayır ki, İsrail strateji tərəfdaşı Azərbaycana milyardlarla dollar dəyərində silah satır: ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, kamikadze dronları, bunun müqabilində Bakıdan neft alır. İndi "Azatutyun" qeyd edir ki, son günlər Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlik fonunda Bakı yenidən İsrailin "Ovda" aerodromuna uçuşları aktivləşdirib: "Bu cür aktivlik Azərbaycanın hərbi əməliyyatları bərpa edə biləcəyindən xəbər verirmi? Ermənistan parlamentinin müxalifətçi üzvü Tiqran Abramyanın sözlərinə görə, Azərbaycan gizlətmir ki, bu müddət ərzində nəinki İsraildən, həm də Türkiyədən irimiqyaslı hərbi təchizat alıb. Lakin bu, Abramyanın fikrincə, gərginliyin yeganə komponenti deyil. Azərbaycanda səfərbərliklə bağlı məlumatlar var. Bundan başqa, Bakı Rusiya tərəfinin dəstəyi ilə Qarabağda təhlükəli hərəkətlərin baş verdiyini beynəlxalq ictimaiyyətə fəal şəkildə göstərməyə çalışır. Ermənistana gəlincə, Ermənistan-Hindistan hərbi əməkdaşlığı revanşizmin təzahürü kimi təqdim olunur. Tiqran Abramyan qeyd edir ki, döyüş əməliyyatlarının bərpası riskləri artıb: "Son vaxtlar Azərbaycanın aktivliyi, çoxsaylı amillərə görə ümumi risklər artıb". 
    Onun fikrincə, bu vəziyyətdə mümkün müharibənin qarşısını almaq üçün hərbi-siyasi və hərbi diplomatiyanın bütün vasitələrindən istifadə etmək, xüsusilə tərəfdaş ölkələr və müttəfiqlərlə fəal işləmək lazımdır: "Məsələn, gərginlik günlərində Ermənistan hökuməti Rusiya Federasiyası ilə münasibətləri daha da pisləşdirir. Rusiya bu regionun əsas aktorlarından biridir və belə bir vəziyyətdə həqiqətən də Rusiya ilə işləmək lazımdır. Kimin nə problemi olmasından asılı olmayaraq, Rusiyanın bu regionda mövcudluğu baxımından rolunu nəzərə almamaq mümkün deyil. Bu, birincidir. İkincisi, ABŞ və Avropa İttifaqı kifayət qədər fəaldır. Avropa İttifaqı ilə yanaşı, Fransa da ayrıdır. Təbii ki,  Azərbaycanın nəyə hazırlaşdığını, nə gətirəcəyini ilk növbədə bu əsas oyunçulara faktlarla nümayiş etdirmək üçün hər fürsətdən istifadə edilməlidir. Çalışmalıyıq ki, ümumi maraqları tarazlaşdıraq və bu vəziyyətin yumşaldılmasına nail olaq. Mümkün müharibənin və ya mümkün eskalasiyanın miqyası azalsa belə, bu, özlüyündə vəziyyətin müəyyən həlli olacaq". 
    Abramyan deyir ki, təbii olaraq, başa düşmək lazımdır ki, hər şeyin qarşısını almaq olmur, ona görə də Ermənistan mümkün yeni hərbi hərəkətlərə hazır olmalıdır. Bəs Azərbaycanın İsrailə uçuşlarının tezliyinin artırılması ilə bağlı Ermənistan hökuməti səviyyəsində hansı işlər görülür, Ermənistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı İsrail tərəfdaşları ilə əlaqə saxlayırmı? Ermənistan Xarici İşlər Nazirliyinə sualı yazılı şəkildə göndərməsi xahiş olunub. 
    Qeyd edək ki, Ermənistan rəhbərliyi də son iki gündə ciddi qorxu altındadır. Həm baş nazir, həm digər rəsmilər iddia edirlər ki, Azərbaycan sərhədə ordu yığır. Beləliklə, qeyd edilənlər göstərir ki, Azərbaycan və İsrail arasında intensivləşən hərbi əlaqələr yenə Ermənistanda ciddi narahatlıq yaradıb. Erməni tərəfinin panikasını əks etdirən digər bir detal - Qarabağdakı erməni separatçıları Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi birləşmələrin son günlərdəki dislokasiyası ilə bağlı xəbərlərdən həyəcanlanıblar. Separatçıları xüsusilə qorxudan məqam isə Azərbaycan Ordusuna məxsus olduğu iddia edilən hərbi texnikanın üzərində A hərfinin tərsinə """ kimi qeyd olunmasıdır. Məlumata görə, sosial şəbəkələrdə üzərinə """ simvolu qeyd olunmuş hərbi texnikanın şəklini paylaşan ermənilər bunun xüsusi məna daşıdığını iddia ediblər. Bu iddialarda """ simvolunun "qələbə"yə (V-Viktoriya) və V-nin ortasındakı xəttin "Zəngəzur dəhlizi"nin açılmasına işarə olduğu bildirilir. Digər iddialarda isə qeyd olunur ki, həmin simvol separatçıların elan etdiyi qondarma "Artsax"ın adındakı baş hərfin tərsinə çevirilmiş formasıdır ki, bu da oyuncaq rejimin darmadağın ediləcəyi anlamı daşıyır. Ordumuza məxsus hərbi texnikaların üzərində isə belə bir görüntünün olduğuna dair heç bir rəsmi açıqlama yoxdur. 
    Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, əgər hansısa hərbi texnikanın üzərinə """ simvolu qeyd olunubsa, bu heç bir məna daşımır. Onun sözlərinə görə, ola bilsin ki, təlimlər zamanı hansısa bölüyü, yaxud texnikaları bir-birindən ayırmaq üçün müvəqqəti işarələrdən istifadə edilib. Şair Ramaldanov bildirib ki, hərbi texnikanın üzərinə hansısa hərflərin yazılması və ya işarələrin qoyulması halları əvvəllər də müşahidə edilib. Ancaq bəzi ekspertlər bu işarəni yeni müharibənin simvolu hesab edirlər. 
    Beləliklə, İsraillə intensivləşən əlaqələr və qeyd olunan təyyarə relsləri regionda müharibə hazırlığı kimi qiymətləndirilə bilərmi?

    Polkovnik Üzeyir Cəfərovun "Yeni Müsavat"a qeyd etdiyinə görə, qoşunların sərhədə toplanması Ermənistan tərəfindən həyata keçirilir: "Azərbaycan öz ərazisində yerdəyişmə həyata keçirir və bu da normaldır. Amma Ermənistanın sərhədə qoşunları toplaması nə deməkdir? Biz düşmən tərəfdən gələn çıxışları, verilən bəyanatları izləyirik, sentyabrın 2-də Paşinyanın "artsax bayramı"nı təbrik etməsini də gördük, bütün bunlar İrəvanın qarşıdurmalara getmək hazırlığından xəbər verir. İki il idi ki, Paşinyan separatçıları təbrik etmirdi, amma bu il yenidən başlayıb. Görünür ki, erməni tərəfi təxribatları sürətləndirir". 
    Hərbi ekspert Azərbaycan təyyarələrinin İsrail aerodromuna uçuşlarına gəlincə, bildirdi ki, bizim bu ölkə ilə hərbi əməkdaşlığımız heç kəsə sirr deyil: "İki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq mövcuddur, hərbi sənayedə bəzi komponentlər İsraildən alınır, bəziləri Bakıdan göndərilir. İndi vəziyyət gərgindir deyə erməni tərəfi bu uçuşlardan belə nəticə çıxarır. Yəni təyyarələrin İsrailə getməsində təəccüblü hal yoxdur. Eyni zamanda, Prezidentin köməkçisi cənab Hikmət Hacıyev İsraildə səfərdə idi və mühüm görüşlər keçirdi, ermənilər bunu da öz bildikləri kimi təhrif edəcəklər. Əgər erməni tərəfi Azərbaycanın antiterror əməliyyatı aparmaq istəyini bilmək istəyirsə, Ordumuzun kifayət qədər resursu var və separatçı-terrorçu qüvvələri təmizləmək üçün 44 günlük müharibədəkindən də az resurs sərf ediləcək. Sadəcə, əlbəttə, vəziyyətin gərginliyi göz qabağındadır və hər şey Ermənistanın davranışlarından asılı olacaq. Hər halda separatçıların bizə meydan oxuması, Ermənistandan bəyanatlar göstərir ki, toqquşmalar qaçılmaz ola bilər".

    Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycan müharibəyə başlamaq istəmir, hüquq və danışıq, inteqrasiya təklif edir, amma ermənilər danışmaq şansından terror məqsədi kimi istifadə edir və nəticədə ultimatumla üzbəüz qalır. "Təbiidir ki, arxasında dünya erməni gücünü hiss edən Xankəndi  inteqrasiya planı ilə razılaşmayacaq. Bakı bəyan edir ki,  Xankəndi separatçıları onun konstruktiv təkliflərini qəbul etmir, ona görə də Azərbaycan bölgə üzərində Azərbaycanın nəzarətini bərqərar etmək üçün hərbi əməliyyata başlamağa məcburdur. Müharibədən əvvəl Azərbaycan da bildirir ki, Ermənistan tərəfinin Qarabağda ağır hərbi texnikası var və mina qoymağa davam edir, minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmir, kütləvi məzarlıq yerlərini açıqlamır. Bəs Azərbaycanın sərt mövqeyi Xankəndi separatçılarının seçki keçirməsinə mane olacaqmı? Bu suallara böyük ehtimalla artıq Azərbaycan ordusu cavab verməli olacaq kimi görünür".

    Siyasi təhlilçi Asif Nərimanlı isə yada salır ki, Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib: "Bu, Ermənistanın sərhəd boyunca genişmiqyaslı təxribatlara hazırlaşdığı ehtimalını daha da gücləndirən məqamdır. Onun fikrincə, mümkün təxribatlar 4 istiqamətdə ola bilər: "Kəlbəcər: Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır. Sədərək: Arazdəyəndə ABŞ investisiyası ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı var. Laçın: beynəlxalq diqqəti Laçın yoluna cəlb etmək, Azərbaycanı təcavüzkar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyə bilərlər; Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları da əvvəldən var. Zəngilan: bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır".
    Tanrı Ordumuzu müzəffər etsin!   
    Yeni Müsavat

    Mənbə: https://news.milli.az/politics/1142384.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    29
    30
    27
    22
    17
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar